ELM VƏ TƏHSİL
Mingəçevir, Tərtər, Yevlax və Bərdənin təhsil şöbə müdirlərinin hesabat məruzələri dinlənilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının binasında Mingəçevir şəhəri və Tərtər, Bərdə, Yevlax rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təhsil işçiləri, məktəb direktorları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbirdə Mingəçevir şəhəri və Tərtər, Bərdə, Yevlax rayonlarının təhsil şöbə müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikirlərini bildirib. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib. M.Vəliyeva məktəblərdə xarıci dil fənninin tədrisinin aşağı səviyyədə olduğunu bildirib, günün tələblərinə uyğun tədbirlər planının tərtib edilməsini diqqətə çatdırıb.
Sonra qeyd olunan şəhər və rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə M.Vəliyeva məktəbəhazırlığın təşkilinin vacibliyindən, məktəbdaxili qiymətləndirmədən danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri qeyd edib.
Təkliflər dinlənilib, suallar cavablandırılıb.
Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif olunublar.
M.Vəliyeva Tərtər rayonu Uşaq-Gənclər İdman Şahmat məktəbində gənc şahmatçılarla görüşüb. Nazir müavini rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub.