REGİONLAR
Mingəçevir Turizm Kolleci ilə Sankt-Peterburq Turizm Kolleci arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Mingəçevir, 17 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Turizm Kolleci ilə Sankt-Peterburq Turizm və Mehmanxana Xidməti Kolleci arasında aparılacaq təcrübə mübadiləsi kadr hazırlığına güclü təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Xidməti Kollecinin nümayəndə heyətinin Mingəçevir Turizm Kollecinə işgüzar səfəri zamanı ətraflı danışılıb.
Əməkdaşlıq sazişi çərçivəsində Mingəçevir Turizm Kollecinə səfər edən rusiyalı qonaqlar əvvəlcə təhsil müəssisəsi ilə yaxından tanış olublar.
Kollecin direktoru, professor Əyyub Əyyubov nümayəndə heyətinə Mingəçevir Turizm Kollecinin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri və kollektivin iştirak etdiyi beynəlxalq təhsil layihələri barədə ətraflı məlumat verib.
Sonra foyedə xüsusi monitor vasitəsilə Azərbaycan-Rusiya siyasi və mədəni əlaqələrindən, həmçinin ölkəmizin turizm potensialından bəhs edən videoçarx təqdim olunub.
Daha sonra hər iki kollec rəhbərlərinin iştirakı ilə görüş olub. Müzakirələr zamanı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Mütərəqqi tədris metodlarının paylaşılması və tətbiqi, turizm sənayesi üçün kadr hazırlığı prosesinə dəstək verə biləcək addımların atılması, müəllim-tələbə mübadiləsi və digər vacib məsələlər nəzərdən keçirilib.
Rusiyalı qonaqlar Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası, tədris imkanları, müasir informasiya texnologiyaları ilə təmin edilmiş laboratoriya, fənn kabinələri və auditoriyaları ilə yaxından tanış olub.
Sankt-Peterburq Turizm və Mehmanxana Xidməti Kollecinin direktor müavinləri Andrey Bardaşeviç və Lyudmila Kuznetsova Mingəçevir Turizm Kollecinin müəllim-tələbə heyətinə təmsil etdikləri kollec barədə ətraflı məlumat verib, əməkdaşlıqdan hər iki tərəfin lazımi fayda götürəcəyini bildiriblər.
Görüş tələbə özfəaliyyət qrupu fəallarının bədii proqramı ilə davam edib.