MƏDƏNİYYƏT
Mingəçevir Turizm Kollecinin beynəlxalq əlaqələri genişlənir
Mingəçevir, 14 fevral (AZƏRTAC). Azərbaycanda turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan Mingəçevir Turizm Kolleci xarici ölkələrin təhsil ocaqları ilə əlaqələrini genişləndirir.
Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov AZƏRTAC-a bildirmişdir ki, hazırda 2000-ə yaxın tələbənin təhsil aldığı təhsil ocağında davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir. Müəllimlər həmin təhsil ocaqlarında keçirilən tədbirlərdə iştirak edərək öz bilik və bacarıqlarını artırır, onların tədris metodları ilə tanış olur, kollecdə yerli tələblərə uyğun tətbiq edirlər.
Bu yaxınlarda Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Andrei Barsenau Kolleci və Rusiyanın Biznes İqtisadiyyatı Kolleci ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Müqavilənin şərtlərinə uyğun olaraq Rumıniyanın Andrei Barsenau Kollecinin nümayəndə heyəti gələn ay Mingəçevirə səfər edəcəkdir. Səfər zamanı qonaqlar Turizm Kollecinin maddi-texniki bazası, tədris prosesi ilə tanış olacaqlar. Bundan əlavə, kollecin tələbələrinin Türkiyəyə oxumağa göndərilməsi nəzərdə tutulur.
Artıq 5 ildir ki, təhsil ocağında turizm və onun təşkili, mehmanxana işi və onun təşkili, bədən tərbiyəsi və idman, xarici dil, ibtidai təhsil, mühasibat uçotu və audit xidməti, turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və dekorativ tətbiqi incəsənət və xalq sənəti ixtisasları üzrə kadrlar hazırlanır.
Ölkəmizdə turizm sahəsində ixtisaslı kadrlara olan tələbatın artması nəzərə alınaraq növbəti tədris ilində kollecdə yeni ixtisasların yaradılması planlaşdırılır.