REGİONLAR
Mingəçevir məktəbliləri tur-aksiya çərçivəsində cənub bölgəsinə yola düşüblər VİDEO
Mingəçevir, 23 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan ”Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiyalar uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindən olan və təhsildə fərqlənən 40 nəfər orta məktəb şagirdindən ibarət qrup martın 23-də səhər saat 8:00 radələrində ölkəmizin cənub bölgəsinə yola düşüb. Məktəblilərin yola salınması ilə bağlı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında mərasim təşkil olunub. Məktəbliləri onların valideynləri, icra hakimiyyətinin və təhsil şöbəsinin işçiləri, ictimaiyyət nümayəndələri yola salıblar.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq bildirib ki, bu gün Mingəçevir məktəblərində təhsil alan 40 nəfər IX-XI sinif şagirdi Lənkəran, Masallı və Astara rayonlarına yola salınır. Şagirdlər 4 gün ərzində cənub bölgəsinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Şagirdlər və valideynlər bu maarifləndirici tur-aksiya ilə bağlı təəssüratlarını bölüşüblər.
Mingəçevir şəhər 17 saylı orta məktəbin 9-cu sinif şagirdi Kərəm Əzimli bildirib ki, ekskursiya zamanı Azərbaycanın bölgələrini tanımaq, tarixi abidələri görmək, yaxşı istirahət eləmək və yeni dostlar qazanmaq üçün şərait yaradılır. O, bu diqqət və qayğıya görə şagird yoldaşları adından ölkə Prezidentinə minnətdarlıq edib.
Şəhər 13 saylı orta məktəbin 10-cu sinif şagirdi Fidan Əhmədova deyib: “Bu maarifləndirici tur-aksiya bizim həm bilik və bacarıqlarımızı artırmağa, həm də dünyagörüşümüzü formalaşdırmağa kömək edir”.