Mingəçevir şəhərində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
AzerTAg.az
Bakı, 26 may, AZƏRTAC
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 25-də YAP Mingəçevir şəhər təşkilatı şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, müdrik dövlət xadiminin əziz xatirəsini dərin ehtiramla anıblar.
Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.
Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, diqqəti Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasına yönəldib.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur 91-lərdən biri, Əməkdar jurnalist Tahir Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman, məkan anlayışına sığmır. Ümummilli Lider xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi.
Sonra şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Mingəçevir Mədəniyyət işçilərinin hazırladığı Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı konsert proqramı ilə yekunlaşıb.
















Xəbərin mətnində orfoqrafik səhv var