Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Mingəçevir şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış,mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 46 çoxmənzilli yaşayış binası müasir üslubda əsaslı təmir edilmiş, 22 nümunəvi məhəllə yaradılmış, parklar salınmış, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəhər Mərkəzi Xəstəxanası, Mingəçevir Dövlət Dram Teatrı, Tarix muzeyi yenidən qurulmuş, Gənclər Mərkəzi, təhsil və digər sosialyönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, otellər inşa olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin