REGİONLAR
Mingəçevir şəhərinin 4 yaşayış massivində yollar yenidən qurulur
Bakı, 14 fevral, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmirinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınır, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yataqları avtoqreyderlə profilə salınır, əsasın tikintisi işləri görülür, yeni suötürücü borular inşa olunur.
Həmçinin yol əsası hazır olan hissələrdə yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə “Tingçilik” yaşayış massivinin yoluna örtüyün alt layının döşənməsi işləri artıq yekunlaşıb.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.