Mingəçevirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsiləvi tədbirlər təşkil edilib
AzerTAg.az
Bakı, 27 may, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin məktəbəqədər təhsil və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri pedaqoji təcrübədə olduqları məktəbəqədər və ümumi təhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsiləvi tədbirlər təşkil ediblər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, əvvəlcə, Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə “Heydər Əliyev və uşaqların müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib. Universitetin tələbələri və onların təcrübə rəhbərlərinin, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə Ümummilli Liderin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqlərindən sonra Ulu Öndərə həsr olunan videoçarx göstərilib. Sonra tələbələr dahi şəxsiyyət Heydər Əliyevin həyat yolundan, uşaqlar və gənclərin gələcəyinə göstərdiyi diqqət və qayğıdan bəhs edən məruzələrlə çıxış ediblər və şagirdlərlə müvafiq mövzularda fikir mübadiləsi aparıblar.
Mingəçevir şəhər 1 nömrəli “Lalə” körpələr evi-uşaq bağçasında təşkil olunan tədbirdə isə “Turp” nağılı səhnələşdirilib. Daha sonra 16 nömrəli “Aynur” körpələr evi-uşaq bağçasında tədbir keçirilib. Tədbirdə uşaqlar, MDU-nun gənc əməkdaşları və tələbələri müxtəlif səhnəciklər, musiqi və rəqs nömrələri təqdim ediblər.
Tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Mingəçevirdə və MDU-da müxtəlif tədbirlər keçirilir.


















Xəbərin mətnində orfoqrafik səhv var