CƏMİYYƏT
Mingəçevirdə antisanitar şəraitdə limonad istehsal edən müəssisə aşkarlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri Günəş qəsəbəsində antisanitar şəraitdə limonad istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə monitorinq keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. İlkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Limonad istehsalı müəssisəsində ehtiyat su çəninin olmadığı və antisanitar şəraitin hökm sürdüyü aşkar edilib. Müəssisədə istifadə olunan avadanlıq və yuyucu vannaların gigiyenik tələblərə cavab vermədiyi, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.