İDMAN


Mingəçevirdə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” turnirinin açılış mərasimi olub

Mingəçevir, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris Mərkəzində avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” turnirinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə “Tariximizi birgə yaşadaq” şüarı altında keçirilən turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, federasiyanın prezidenti Vüqar Əhmədov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfov mərasimdə çıxış edərək 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan belə nüfuzlu yarışın təşkilinin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə idman və gənclər sahələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayan K.Nəcəfov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən mübariz gənclərimizin qısa, lakin şərəfli həyat yolunun hər kəsə nümunə olduğunu qeyd edib, idmançılara uğurlar arzulayıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev idmanın hər bir ölkə üçün mühüm sahələrdən olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana və idmançılara göstərdikləri diqqət və qayğı nəticəsində bu sahə ölkəmizdə uğurla inkişaf edir. Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar.

“Avarçəkmə və kanoe üzrə “Gənclər kuboku”nun keçirilməsində məqsəd idmanın bu növünün inkişafı, kütləviliyinin bərpası, peşəkar komandanın formalaşdırılmasıdır. Bütün bunlar qarşımızda duran əsas hədəflərdir. Ümid edirik ki, bu hədəflərə nail olacağıq”, - deyə baş katib vurğulayıb.

Açılış mərasimi bədii hissə ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.