CƏMİYYƏT


Mingəçevirdə ciddi qanun pozuntularına yol verən vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 11 fevral, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək qanun pozuntuları törətmələri hallarına qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin tədbirlərdən biri kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və “Azərsu” ASC-nin balansında olan 0,20 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı Elçin Abbasova 700 manat pul müqabilində verməsinə, habelə həmin torpaq sahəsinə Mingəçevir bələdiyyəsinin sabiq sədrinin adından saxta “torpaq sahəsinin cizgisi” sənədini hazırlayaraq vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Rövşən İsmayılov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.