CƏMİYYƏT
Mingəçevirdə karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb
Bakı, 17 iyul, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı bəzi şadlıq saraylarında karantin rejiminin tələblərinin pozulması halları müəyyən edilib. “Əsgər” şadlıq evinin şərtlərə əsasən, ümumilikdə 40 qonaq qəbul etmə imkanlarının olmasına baxmayaraq, toy mərasimində 110 nəfərin iştirak etdiyi, eləcə də məclis iştirakçılarının COVID-19 pasportu olmadığı aşkarlanıb. Virusun yayılmasına real zəmin yaradan şəxs - obyekti işlədən Asif Mustafayev barəsində toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.
“Miraj”, “Sevgi” və “Sərin” şadlıq saraylarında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
“Miraj” şadlıq sarayının icarədarı Elnur Allahverdiyev 4 min, “Sevgi” şadlıq sarayının icarədarı Tahir Əliyev 5 min manat məbləğində cərimə olunublar. “Sərin” restoranını icarə əsasında işlədən Rübail Abbasov barəsində toplanmış materiallar isə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 4 min manat məbləğində cərimələnib.