CƏMİYYƏT
Mingəçevirdə məşğulluğun təşviqi və gənclərin sosial inkişafı məsələlərinə həsr edilmiş tədbir keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Mingəçevir şəhərindəki Gənclər Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Qafqazda aztəminatlı yerli əhalinin və məcburi köçkünlərin sosial və iqtisadi inkişafı” layihəsi çərçivəsində məşğulluğun təşviqi və gənclərin sosial inkişafı məsələlərinə həsr edilmiş tədbir keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin qonaqları layihə iştirakçılarının forum-teatrı, məişət zorakılığı əleyhinə rəsm əsərlərinin sərgisi, həmçinin məşğulluq təlimlərinə qoşularaq özünə uğurlu biznes quranlar və bu işə yeni başlayanlar ilə tanış olublar. Layihə çərçivəsində gənclər auditoriya qarşısında sərbəstdanışma və özünüifadəetmə, ictimai ünsiyyət, iş tapmaq bacarıqlarına yiyələniblər.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbirdə çıxış edərək bu cür proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Azərbaycanda gənclərin hərtərəfli inkişafına xarici dövlətlərin və beynəlxalq təşkilatların dəstək verməsi də təqdirəlayiqdir. R.Rzayev Almaniya dövlətinin dəstəklədiyi proqramın yaratdığı imkanlardan gənclərimizin fəal şəkildə yararlanmasının, onların sayının çox olmasının və bir-biri ilə daim əlaqə saxlamasının, təcrübə mübadiləsi aparmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, gənclər Dövlət Komitəsinin onlar yaratdığı imkanlardan da yararlana bilərlər.
Azərbaycanın ərazi bütövlüyünün yaxın vaxtlarda bərpa olunacağına və məcburi köçkünlərin beynəlxalq hüquqla təsbit olunan prinsiplər əsasında öz doğma yurdlarına qayıdacaqlarına inam ifadə olunub.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq 1992-ci ildə ölkəmizə səfər etdiyini və o zaman burada vəziyyətin çox ağır olduğunu xatırladıb. GİZ-in 1993-cü ildən Azərbaycanda fəaliyyətə başladığı, ilk vaxtlarda məcburi köçkünlərə iş tapmaqda kömək etdiyi, onlara təhsillə bağlı tövsiyə və təkliflər verdiyi qeyd edilib. Hazırda həyata keçirilən layihənin əhəmiyyətini vurğulayan diplomat deyib: “İkinci Dünya müharibəsi zamanı Almaniyada qaçqın və məcburi köçkünlər var idi. 1950-ci illərdə alman iqtisadi möcüzəsinin səbəbkarı da məhz onlar olublar. Qaçqınlar və məcburi köçkünlər iş bacarıqlarına yiyələnərək müxtəlif sahələrdə çalışıblar”.
Səfir vurğulayıb ki, layihədə iştirak edənlərin öz bizneslərini qurması, assosiasiyalarını yaratması iqtisadiyyata töhfə verə bilər.
Sonra çıxış edən GİZ-in Azərbaycan üzrə direktoru xanım Sonya Fonteyn layihənin həyata keçirilməsi və mərhələləri haqqında məlumat verib.
Qeyd edək ki, layihədə iştirak edən 23 gəncdən 11-i iş tapıb, bir qrupu isə təhsilini davam etdirir.
Daha sonra layihə çərçivəsində ümumi fəaliyyət və gələcək planlar haqqında müzakirələr aparılıb.
Layihə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində həyata keçirilir və Ağdam, Bərdə rayonları, eləcə də Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin, onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını nəzərdə tutur. Bu məqsədə çatmaq üçün layihə çərçivəsində məcburi köçkünlərin iqtisadi və sosial inkişafını dəstəkləyən dövlət qurumlarının, həmçinin yerli idarəetmə strukturlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması, aztəminatlı əhalinin, xüsusilə gənclərin məşğulluq və sahibkarlıq imkanlarının artırılması, hazırda sahibkarlıqla məşğul olanların fəaliyyətinin genişləndirilməsi istiqamətində iş aparılır.
2017-ci ildən icrasına başlanan və 2021-ci ilin oktyabr ayınadək davam edəcək layihənin ümumi regional büdcəsi 6 (altı) milyon avrodur.