CƏMİYYƏT
Mingəçevirdə narkotik vasitə ilə saxlanılan şəxsin digər cinayət əməli də üzə çıxıb
Bakı, 10 fevral, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini Zaur Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı onda heroin aşkarlanıb. Həmin şəxslə bağlı davam etdirilən əməliyyat tədbirləri ilə onun digər cinayət əməli də üzə çıxıb. Belə ki, Z.Hüseynovun şəhər ərazisində vətəndaşa məxsus qarajdan dörd velosipedi oğurlayaraq satdığı müəyyənləşdirilib. Velosipedlər həmin şəxslərdən götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, şübhəli şəxslə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.