REGİONLAR
Mingəçevirdə polis əməkdaşları sürücü və sərnişinlərin təhlükəsizliyi üçün reyd keçiriblər
Mingəçevir, 21 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə reyd təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, şəhərin müxtəlif küçə və prospektlərində iki saat davam edən yoxlamalar zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, sürət həddini aşan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkar edilərək onlara qarşı inzibati protokollar tərtib olunub. Reyd zamanı polis əməkdaşlarına tabe olmayan sürücülər də aşkarlanıb. Həmin avtomobil sahibləri saxlanılaraq məlum olub ki, həmin sürücülərin avtomobilləri nasaz vəziyyətdədir və onlar nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan qanunsuz idarə edirlər. Həmin sürücülər də cərimələnib.
Reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib. Sürücülərə məlumat verilib ki, reydin keçirilməsində əsas məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınması, sərxoş sürücülərə qarşı mübarizə və hava şəraitinin isti keçməsilə əlaqədar sürücüləri təlimatlandırmaq olub. Əsasən sərnişindaşıyan avtobusların daha diqqətlə yoxlanılması və sərnişinlərin təhlükəsizliyini təmin etmək olub.
Sürücü Füzuli Həsənov təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Polisin keçirdiyi reydləri alqışlayan sürücü bildirib ki, belə reydlər yol qəzalarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin səmərəliliyinin yüksəldilməsinə, habelə nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili sahəsində tədbirlərin gücləndirilməsinə xidmət edir.
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov bildirib ki, reyd zamanı insanların həyat və sağlamlığının, avtomobillərin zərərli təsirlərdən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər müsbət nəticələr verib. Bu cür reydlər sentyabrın 15-dək davam edəcək. Yol qəzalarının qarşısının alınması istiqamətində proflaktiki tədbirlərin effektivliyini yüksəldəcəyik. Bu gün reyd zamanı 150-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb, qayda pozuntusu aşkarlanan sürücülərə protokollar tərtib olunub. Təşkil olunan reydə həkim narkoloq da bizimlə bərabər sərxoş sürücüləri aşkar edib.