CƏMİYYƏT
Mingəçevirdə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 7 sentyabr, AZƏRTAC
Mingəçevirdə Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, taksi fəaliyyəti ilə məşğul olan İlkin İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildəki sərnişinlərin üzərilərində psixotrop maddə daşımalarına dair polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı nəqliyyat vasitəsi şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və sərnişinlər şübhəli şəxs qismində şöbəyə gətiriliblər. Axtarış zamanı sərnişinlərdən - Mingəçevir şəhər sakinləri Viktoriya Butsıkina və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Emin Cəfərovdan kağız, eləcə də sellofan bükümlərdə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı psixotrop maddəni V.Butsıkinanın E.Cəfərovun ona verdiyi 50 manata adı hələlik istintaqa məlum olmayan şəxsdən aldığı, daha sonra əldə etdikləri metamfetamini öz aralarında böldükləri müəyyən edilib.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Sevinc Quliyeva şübhəli şəxs qismində saxlanılıb. Axtarış zamanı ondan 8 bükümdə metamfetamin aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.