CƏMİYYƏT
Mingəçevirdə quldurluq edən şəxslər saxlanılıblar
Bakı, 19 iyun, AZƏRTAC
Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və küt alətlə qadına xəsarət yetirib qaçması barədə şəhər polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib. O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.