Mingəçevirdə üç əl qumbarası, iki partladıcı və 53 patron aşkarlanıb
AzerTAg.az
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də saat 14:03-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Mingəçevir şəhərində Zərifə Əliyeva küçəsində əl qumbarasının və patronların aşkarlanması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və şəhər polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə abadlıq işləri aparılan sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası, bir ədəd RQD-5 əl qumbarası, iki ədəd UZRQM partladıcısı və 53 ədəd 5,45 millimetrlik patron aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün polis əməkdaşlarından təhvil alınaraq agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların ətrafında 400 kvadratmetr əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.






Xəbərin mətnində orfoqrafik səhv var