REGİONLAR
Mingəçevirin sənaye müəssisələrində 87,9 milyon manatlıq məhsul istehsal olunub
Mingəçevir, 22 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Mingəçevir şəhərinin sənaye müəssisələrində 87,9 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 35,9 milyon manat və ya 69,2 faiz çoxdur. İstehsal olunan məhsulun 85,1 milyon manatı dövlət müəssisələrinin, 2,8 milyon manatı qeyri-dövlət sektorunun payına düşür.
AZƏRTAC xəbər verir ki, bu faktlar ötən üç ayda Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.
Tədbirdə şəhər icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri çıxış edərək bildiriblər ki, hesabat dövründə şəhər əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində vacib işlər görülüb. Qeyd olunub ki, hesabat dövründə şəhərdə tikinti-quraşdırma işlərinə 640 min manat, əsas kapitala 691 min manat vəsait yönəldilib. İstehsal olunan sənaye məhsulunun 93 faizi “Azərbaycan İstilik Elektrik Stansiyası” və “SES silsiləsi” MMC-lərin payına düşür. Hər iki müəssisə hesabat dövründə sabit iş rejimində işləyib və müvafiq olaraq 2 milyard və 156 milyon kilovat saat elektrik enerjisi istehsal olunub. “Azneftemaş”, “Mingəçevir İzolit”, ”Akkord Mingəçevir maşınqayırma zavodu” ASC-lər də bu dövrdə məhsul istehsalına öz töhfələrini veriblər.
Hesabat məruzəsində qeyd edilib ki, rüb ərzində şəhərdə sənaye parkının və “Asan Həyat” mərkəzinin inzibati binasının tikintisi davam etdirilib. Rüb ərzində şəhər məşğulluq mərkəzinə iş üçün 1177 nəfər şəhər sakini müraciət edib, onlardan 526 nəfəri işlə təmin olunub, 67 nəfərə işsizliyə görə müavinət təyin edilib.
Yığıncaqda bir sıra sahələrdə mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.