CƏMİYYƏT


Mini futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionu olması münasibətilə konsert keçirilib VİDEO

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 15-də Bakı Bulvarında Slovakiyada keçirilmiş Avropa çempionatında tarixi uğura imza atan futbol üzrə milli komandamızın qələbəsinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, milli komandanın iştirakı ilə keçirilmiş konsert Gənclər və İdman Nazirliyinin, Azərbaycan Minifutbol Federasiyasının, “Azfar Group”un və “Zirə” Peşəkar Futbol Klubunun təşkilatçılığı, mobil operator "Nar"ın dəstəyi ilə baş tutub.

Konsert çərçivəsində əvvəlcə kubokun azarkeşlərə təqdim olunması məqsədilə şəhər turu təşkil olunub.

Tədbirdə “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti və Azərbaycan Minifutbol Federasiyasının təsisçisi Orxan Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev, “Zirə” Peşəkar Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqov və Əməkdar artist Bəhram Bağırzadə çıxış edərək tarixi qələbə münasibətilə futbolçuları və azarkeşləri təbrik ediblər.

Ölkəmizin idman ictimaiyyətinin nümayəndələrinin, federasiya rəsmilərinin, futbolçuların yaxınlarının və jurnalistlərin iştirak etdiyi tədbirdə çempionluq kuboku səhnəyə gətirilərək tamaşaçılar üçün nümayiş olunub.

Konsertdə müğənnilər müxtəlif mahnılar səsləndirərək azarkeşlərə xoş ovqat bəxş ediblər.

Qeyd edək ki, minifutbol üzrə milli komandamız tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub. İyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov da iştirak ediblər. Həmçinin dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.