REGİONLAR
Miniatür Kitab Muzeyinin Gəncə filialında 29 ölkədə çap edilmiş 1111 miniatur kitab nümayiş olunur
Gəncə, 18 may, AZƏRTAC
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunan bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda, o cümlədən muzeylərimizdə də geniş qeyd edilir. Belə muzeylərimizdən biri də Miniatür Kitab Muzeyinin Gəncə filialıdır. AZƏRTAC xəbər verir ki, bu filial 2016-cı ildən açılıb. Muzey Bakıda, 2003-cü ildən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Miniatür Kitab Muzeyinin nəzdində fəaliyyət göstərir.
Miniatür Kitab Muzeyinin Gəncə filialında dünyanın 29 ölkəsində çap edilmiş 1111 miniatur kitab nümayiş olunur. Filialın əməkdaşı Ellada Rəhimova AZƏRTAC-a müsahibəsində bildirib ki, burada Azərbaycanın və digər ölkələrin görkəmli siyasətçilərinə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr olunmuş, eləcə də dünya ədəbiyyatının nadir incilərini əks etdirən və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir.
“Muzeydə miniatür dini kitablar, o cümlədən ən qədim miniatür kitab - 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir. Ən kiçik miniatür kitab isə “Мой Баку” kitabıdır,” - deyə Ellada Rəhimova söyləyib.
Həmçinin muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunmuş miniatür kitablar da nümayiş etdirilir.
Şəhər sakinlərinin və turistlərin diqqətini cəlb edən muzey Gəncənin Heydər Əliyev adına baş meydanında yerləşir. Muzeyin əsas məqsədi şagirdlərin, tələbələrin, sakinlərin və şəhərin qonaqlarının miniatür kitab eksponatları ilə tanış etməkdir.