REGİONLAR
Minillik ənənələrə qayıdış: II Milli Yaylaq Festivalına hazırlıq işləri sürətlə davam edir FOTO VİDEO
Göygöl, 21 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında iyulun 29-31-də keçiriləcək II Milli Yaylaq Festivalına hazırlıq işlərinə başlanılıb. Ərazidə yolların, yurdların, düşərgələrin, avtomobillər üçün dayanacaq və digər tematik sahələrin qurulması prosesi sürətlə davam edir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Milli Yaylaq Festivalının layihə rəhbəri və ideya müəllifi Müzadil Həsənov deyib.
O, bu il təşkil olunacaq II Milli Yaylaq Festivalında maraqlı və möhtəşəm layihələrin həyata keçiriləcəyini deyib: “Layihələrin bir qismi üzərində işlər gedir. Sənətkarlıq guşəsi demək olar ki, tamamlanıb. Bu guşədə ölkəmizdən və xaricdən gələn sənətkarlar əl işlərini həm sərgiləyə, həm də sata biləcəklər. Təbii ki, bu proses tam təmənnasız olacaq. Yaylaq bazarı layihəsinin də bir qismi hazırdır. Həmçinin Xan yaylağının da qurulması prosesi davam edir.
II Milli Yaylaq Festivalında yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonağın dəvət olunması nəzərdə tutulur.
“Bir neçə həftəyə çadırların inşasına başlayacağıq. Hava şəraiti müəyyən qədər çətinliklər yaratsa da, biz işimizə davam edirik. I Milli Yaylaq Festivalından fərqli olaraq, bu il daha geniş ərazi seçmişik. Bu, bizə həm sıxlığın qarşısını almaqda kömək edəcək, həm də builki festivala bir çox yeni layihələr əlavə olunacaq. Misal üçün, keçənilki festivalda bizim 5-6 tematik sahəmiz var idisə, bu il təxminən 30-a yaxın olacaq. Burada ziyarətçilərin ehtiyaclarını qarşılamaq üçün yeməkxanalar, sanitar qovşaqları və başqa yerlər yaradılacaq,” – deyə Müzadil Həsənov bildirib.
Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmiş və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.
II Milli Yaylaq Festivalının informasiya dəstəkçiləri arasında AZƏRTAC da var.