CƏMİYYƏT


Minimum əməkhaqqının artırılması ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə səbəb olacaq

Bakı, 9 fevral, AZƏRTAC

Dövlət başçısının Sərəncamına əsasən minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılır. Bu, bir daha onu təsdiqləyir ki, minimum əməkhaqqının hər il artırılması, ölkəmizdə həyata keçirilən ardıcıl islahatlardandır və bu, artıq ənənə şəklini alıb. Sosial təminat və sosial müdafiə ölkənin əsas maliyyə sənədi olan dövlət büdcəsində hər il prioritet təşkil edir.

AZƏRTAC xəbər verir ki, 2019-cu il martın 1-dən minimum aylıq əməkhaqqı 38,4 faiz, yəni 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılır. Bununla da ölkəmizdə minimum əməkhaqqı yaşayış minimumuna çatdırılır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minə yaxın insanı əhatə edəcək, o cümlədən 450 min nəfər dövlət sektorunda işləyənin əməkhaqqına 30 faiz, 150 min nəfər özəl sektorda işləyənin əməkhaqqına 25 faiz artım olacaq.

Eyni zamanda, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsinə illik 400 milyon manat, 2019-cu ilin on ayı üzrə isə 335 milyon manatadək əlavə vəsait yönəldiləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məsələyə münasibətini bildirərək deyib ki, Sərəncamın multiplikativ effekti var: “Minimum əməkhaqqı 180 manata qaldırılanda bütün digər əməkhaqları da pillələr üzrə artırılır və son nəticədə demək olar ki, bütün dövlət sektorlarında işləyənlərə bu və ya digər hallarda təsir göstərəcək. Sərəncamın digər bir əhəmiyyəti isə əməkhaqlarının leqallaşması ilə əlaqədar mühüm bir addım olmasıdır. Belə ki, bir çox hallarda 180 manatdan aşağı əməkhaqqı göstərilərək bəzi hallarda əməkhaqqı rəsmi olaraq tam şəkildə ödənilmirdi. Yeni Sərəncamın nəticəsi olaraq artıq qanunvericiliyin tələbi olacaq ki, 180 manatdan aşağı əməkhaqqı göstərilməsin və bu, əməkhaqlarının leqallaşması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Sərəncamın digər bir müsbət cəhəti qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət edəcək. Çünki Sərəncamın əsas əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Ona görə də vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq”.

Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif vəzifə maaşlarının məbləğinin bir ay müddətində həmin Sərəncama uyğunlaşdırılması tapşırılır.

Milli Məclisin üzvü Musa Quliyev Sərəncamın əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük əhəmiyyət daşıdığını söyləyib: “Sərəncamın qüvvəyə minməsi ilə ölkəmizdə 400 mindən çox vətəndaşın əməkhaqqısı yüksələcək. Eyni zamanda, Prezidentin Sərəncamının növbəti bir bəndi ilə özəl sektorda çalışanların da əməkhaqlarının buna uyğunlaşdırılması ilə bağlı özəl sektorların rəhbərləri müvafiq tədbir görməlidirlər. Beləliklə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun aşağı salınması və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində Sərəncamın çox böyük əhəmiyyəti olacaq”.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yüksəldilməsi dövlət başçısının diqqətində olan prioritet məsələlərdən olduğunu söyləyən Milli Məclisin üzvü Aydın Hüseynov deyib: “Prezident İlham Əliyev sosial sahə ilə bağlı ardıcıl, mütəmadi və davamlı olaraq tədbirlər görür və tapşırıqlar verir. Bu, bir daha onu göstərir ki, Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür. Onun həyata keçirdiyi siyasətin başlıca məqsədi və hədəfi ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Bütövlükdə sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin tərkib hissəsini təşkil edir”.

İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, söhbət sosial qayğıya daha çox ehtiyacı olan ailələrdə əməkhaqqı artımından gedir və imzalanan Sərəncam nəticə etibarilə sosial təminat baxımından çox vacibdir: “Minimum əməkhaqqı, xüsusən də dövlət büdcəsindən vəsait alan və birbaşa əməkhaqqı tarif cədvəllərinə uyğunluğu müəyyənləşdirilən vətəndaşların əməkhaqqının formalaşdırılmasında həlledicidir və minimum əməkhaqqı məbləğinin artırılması, sadəcə, minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artması deyil, eyni zamanda, həmin meyardan istifadə etməklə əməkhaqqı müəyyənləşən vətəndaşların da maaşlarında artıma səbəb olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.