DÜNYA
Minlərlə miqrant barəsində axtarış elan edilib
Berlin, 7 oktyabr, AZƏRTAC
Cümə günü, oktyabrın 7-də HR-info radiostansiyası (Hesse) cinayət işləri üzrə federal idarənin 1 sentyabr tarixinə olan məlumatlarına istinadla xəbər verib ki, Almaniyada 284.158 qaçqın barəsində deportasiya haqqında qərarla əlaqədar həbs edilməli şəxslər kimi, İnpol sistemi xətti üzrə axtarış elan edilib.
Məlumatda bildirilir ki, 2015-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə belə qaçqınların sayı təxminən 140 faiz artıb. Bu miqrantlar barəsində axtarış elan edilməsi AFR ərazisində olmaq haqqında qanun əsasında həyata keçirilir. Həmin qanuna görə, əgər Almaniyanın hakimiyyət orqanları əcnəbi vətəndaşın olduğu yeri müəyyən edə bilmirsə həmin şəxs barəsində axtarış elan edilə bilər və o, Almaniya hüdudlarını tərk etməlidir.
Federal cinayət polisinin (VKA) nümayəndəsinin sözlərinə görə, axtarışda olan əcnəbilərin bir qismi artıq deportasiya edilib. Belə hallarda miqrantlara aid məlumatlar müvafiq bazaya daxil edilir ki, həmin şəxslər təkrarən qeyri-qanuni şəkildə AFR ərazisinə gəldikdə hakimiyyət orqanları buna dərhal reaksiya verə bilsinlər. VKA nümayəndəsi həmin registrə neçə şəxsin adının daxil edildiyini dəqiqləşdirməyib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin