İDMAN
Minskdə Avropa Oyunlarında Rusiya Yığmasının Azarkeşləri Evi fəaliyyət göstərəcək
Bakı, 22 aprel, AZƏRTAC
Minskdə Avropa Oyunlarında Rusiya Yığmasının Azarkeşləri Evi fəaliyyət göstərəcək. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov bu obyektin iyunun 20-də açılacağını bildirib.
Rusiya Olimpiya Komitəsinin rəhbəri deyib: “Belarusda bizim idmançıları dəstəkləməyə gələcək bütün azarkeşləri görmək bizim üçün xoş olacaq. Onları görmək və səylərini birləşdirmək mühümdür. Bu məqsədlə Minskdə Rusiya Yığmasının Azarkeşləri Evi fəaliyyət göstərəcək. O, şəhərin mərkəzində böyük və gözəl binada – Moskva Evində yerləşəcək. Tədbirlər keçirmək üçün ətraf ərazilərdən də istifadə ediləcək”.
Qeyd edək ki, Minskdəki Moskva Evi Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzinin nümayəndəliyidir. Onun yerləşdiyi bina Belarus paytaxtının tarixi mərkəzindədir.
İkinci Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Azərbaycanda keçirilən Birinci Avropa Oyunları zamanı Bakıda da Rusiya Yığmasının Azarkeşləri Evi təşkil olunmuşdu. O, Azərbaycan sakinlərinin və şəhərin qonaqlarının sevimli yerinə çevrilmişdi.