İQTİSADİYYAT
Minskdə Azərbaycan milli statistika sisteminin qlobal qiymətləndirilməsinə dair fikir mübadiləsi aparılıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Minskdə Azərbaycan milli statistika sisteminin qlobal qiymətləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 13-15-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrinin və Monqolustanın statistika təşkilatlarının rəhbərliyi üçün “Rəsmi statistikada keyfiyyət: çağırışlar və imkanlar” mövzusunda yüksək səviyyəli seminar keçirilir. Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev iştirak edirlər.
Üç gün davam edəcək seminar Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində və Monqolustanda son illər keyfiyyət məsələləri ilə əlaqədar həyata keçirilmiş fəaliyyətlərin, milli statistika təşkilatlarında aparılmış kollegial və qlobal qiymətləndirmələrin nəticələrinin, verilmiş tövsiyələrin icrasının, dayanıqlı inkişaf məqsədləri göstəricilərinin toplanması üçün aparılmış institusional tədbirlərin müzakirəsinə həsr edilib. O cümlədən seminarda göstəricilərin digər təşkilatlardan toplanması üçün keçirilmiş monitorinqlər, milli statistika təşkilatlarında rəsmi statistikanın əlaqələndirilməsi, rəsmi statistik məlumatların istehsalı üçün inzibati mənbələrdən toplanan məlumatların keyfiyyəti, inzibati məlumatlardan siyahıyaalmaların keçirilməsində istifadə olunması, rəsmi statistika haqqında yeni model qanunu, kadr potensialının inkişafının statistik istehsala təsiri, statistik hesabatların elektron qəbulu təcrübələri, Avropa İttifaqı çərçivəsində rəsmi statistika sahəsində əməkdaşlıq məsələləri, TAIEX texniki yardım aləti, tvinninq layihələri və ondan istifadə məsələləri müzakirə olunur.
Yüksək səviyyəli seminarda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədovun “Azərbaycan Respublikası milli statistika sisteminin qlobal qiymətləndirilməsi (məqsədlər və nəticələr)” mövzusunda geniş təqdimatı dinlənilib və mövzu ətrafında beynəlxalq ekspertlərin də iştirakı ilə fikir mübadiləsi aparılıb.