CƏMİYYƏT


Belarusda doqquz ölkənin səfirliyinin təşəbbüsü ilə Novruz şənliyi keçirilib

Minsk, 19 mart, AZƏRTAC

Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın Belarusdakı səfirliklərinin təşəbbüsü ilə Marriott hotelində böyük Novruz şənliyi keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Belarusdakı səfirliyindən məlumat verilib.

Özbəkistan səfiri Nəsircan Yusupov mərasimi açıq elan etdikdən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edib. L.Qəndilov repressiyaya məruz qalan xalqların, kitabların, musiqinin olduğu kimi, Novruz bayramının da guya dinlə əlaqəsinin olduğu səbəb gətirilərək uzun zaman qadağan edildiyini diqqətə çatdırıb. Lakin xalqlarımız nağıllarımızı, dastanlarımızı qoruduğu kimi, gizlin olsa da bu bayramı yaşadıb və nəsildən-nəsilə ötürüblər. Milli varlığımızın qorunub saxlanılmasında heç şübhəsiz ki, Novruz bayramının böyük rolu olub.

Səfir, həmçinin deyib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Mərasimdə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski, Belarus Xarici İşlər Nazirliyinin MDB Ölkələri ilə Əməkdaşlıq İdarəsinin rəisi Viktor Denisenko və Qazaxıstanın Belarusdakı səfiri Ermuxamet Yertizbayev də çıxış ediblər.

Azərbaycanın Belarusdakı səfirliyi mərasimdə fəal iştirak edib. Tədbirdə iştirakçı dövlətlərin rəqs və musiqi kollektivləri çıxış edib, milli mətbəxlərini nümayiş etdiriblər. Azərbaycan “Sarı Gəlin” və “Qafqaz Əfsanələri” rəqs qrupları ilə təmsil olunub. Hər iki qrup böyük rəğbətlə və alqışla qarşılanaraq öz peşəkarlığı ilə seçilib.

Səfirliyin əməkdaşlarının hazırladıqları Azərbaycan mətbəxinin nümunələri olan plov, dolma və şərbət iştirakçılar tərəfindən çox bəyənilib. Səfirliyin qadın əməkdaşları tərəfindən nəfis şəkildə tərtib olunaraq bəzədilmiş xonçalarla bərabər, paxlava və şəkərbura kimi Azərbaycan şirniyyatları da çox böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir çərçivəsində, həmçinin iştirakçı ölkələrin milli suvenirləri nümayiş etdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.