CƏMİYYƏT
Minskdə MDB ölkələrinin transfuziologiya məsələləri üzrə Ekspert Şurasının iclası keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 21-də MDB-nin Minskdəki mənzil-qərargahında Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin transfuziologiya məsələləri üzrə Ekspert Şurasının iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ekspert Şurasının üzvləri milli qan xidmətlərinin təşkili və fəaliyyətinin xüsusiyyətlərini müzakirə edib, transfuziologiya sahəsində fəaliyyəti xarakterizə edən statistik göstəricilərinin siyahısını və onların hesablanması üsullarını müəyyən ediblər.
Müzakirələr zamanı dövlətlərin nümayəndələri MDB ölkələrinin transfuziologiya məsələləri üzrə əməkdaşlıq Proqramının layihəsinə daxil etmək üçün nəzərdə tutulacaq tədbirlər üzrə təkliflər irəli sürüblər, cari iki il üçün İş Planını təsdiq ediblər.
Ekspert Şurasının üzvləri Qan və onun komponentlərinin donorluğu zamanı təmənnasız könüllü donora enerji xərclərinin kompensasiyasının məbləğinin müəyyən edilməsi Qaydası, Qan və onun komponentlərinin tibbi tətbiqi Qaydası, Qan və onun komponentlərinin təhlükəsizliyi və keyfiyyətinə, eləcə də infeksiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər, potensial hematopoetik kök hüceyrə donorlarının reyestrinə daxil edilməsi üçün sağlamlıq parametrlərinə dair tələblərin işlənib hazırlanması barədə qərar qəbul ediblər.
Dünya platformasında və Birlik məkanında transfuziologiya sahəsində yeni elmi nailiyyətlərə xüsusi diqqət yetirilib. Ekspertlər birgə elmi-tədqiqat işlərinin aparılması, qan xidməti üzrə kadrların hazırlanması və mütəxəssislərin ixtisasının artırılmasında maraqlı olduqlarını qeyd ediblər.
Qan donorluğu məsələlərinə dair MDB dövlətlərinin milli qanunvericiliyinin müzakirəsi zamanı iclas iştirakçıları “Qan və onun komponentlərinin donorluğu haqqında” model qanun layihəsinin hazırlanmasının zəruriliyi ilə bağlı razılığa gəliblər. MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasına onun qanun yaradıcılığının nümunəvi uzunmüddətli planının hazırlanmasına daxil edilməsinin təklif olunması qərara alınıb.
Həmçinin MDB-nin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXXV iclasının gündəliyinə bir sıra məsələlərin daxil edilməsi təklif olunub.
Ekspert Şurasının növbəti iclasının respublikada transfuzioloji yardımının yaradılmasının 90 illiyinə həsr olunmuş IX Belarus Transfuzioloqları və Hematoloqları konqresi çərçivəsində payızda Minskdə keçirilməsi planlaşdırılır.