SİYASƏT


Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsini yad ediblər

Minsk, 7 may, AZƏRTAC

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, Belarus paytaxtında Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr edilmiş təntənəli mitinq keçirilib. Tədbir Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin təşəbbüsü ilə təşkil edilib.

Mitinqdə MDB iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının üzvləri, Azərbaycan səfirliyinin, Azərbaycan diasporunun, Minsk şəhərindəki Moskva rayonunun administrasiyasının nümayəndələri və 170 nömrəli orta məktəbin şagirdləri, həmçinin MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov başda olmaqla İcraiyyə Komitəsinin nümayəndə heyəti iştirak edib. Tədbir iştirakçıları qəhrəman tankçının xatirə lövhəsi önünə tər çiçəklər qoyublar.

Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ülvi Baxşəliyev tədbirdə çıxış edib. O, mitinq iştirakçılarının hamısını qarşıdan gələn Qələbə Günü münasibətilə təbrik edərək vurğulayıb ki, Azərbaycan xalqı Böyük Qələbənin qazanılmasına sanballı töhfə verib. Belə ki, 640 mindən çox azərbaycanlı cəbhədə alman faşist işğalçılarına qarşı vuruşub, onların təqribən yarısı döyüşlərdə qəhrəmancasına həlak olub. 130-dan çox Azərbaycan vətəndaşı, o cümlədən Belarusun faşizmdən azad edilməsinə görə 14 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Yüzlərlə Azərbaycan vətəndaşı partizan dəstələrinin tərkibində vuruşurdu, azərbaycanlılardan ibarət bir neçə atıcı diviziya Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib. Neft Bakısının Qələbəyə töhfəsi də əvəzedilməz olub.

Ülvi Baxşəliyev vurğulayıb ki, Azərbaycanda müharibə iştirakçılarının ehtiramla yad edir, veteranlara böyük qayğı göstərirlər. Səfir tarixi xatirənin qayğı ilə qorunub saxlanılmasına görə, Belarus Respublikasının rəhbərliyinə və Belarus xalqına təşəkkürünü bildirib.

Leonid Anfimov qeyd edib ki, ənənəyə görə beloruslar hər il Qələbə Günü ərəfəsində xatirə yerlərinə toplaşır, insanları faşizmdən qorumaq üçün canlarından keçərək dünyaya azadlıq və müstəqillik bəxş etmiş qəhrəmanları yad edirlər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.