CƏMİYYƏT


Minskdə XIII Belarus beynəlxalq mediaforumu işə başlayıb

Minsk, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Minskdə “Gələcək naminə tərəfdaşlıq: media məkanı üçün rəqəmsal gündəm” mövzusunda XIII Belarus beynəlxalq mediaforumunun rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbir “Belarus Seqodnya” qəzetinin baş redaktoru Dmitri Juk və Rusiyanın TCH telekanalının baş direktoru Aleksandr Qurnovun moderatorluğu ilə başlayıb. D.Juk açılış mərasimində bildirib ki, beynəlxalq mediaforum ölkələrin və nümayəndələrin say çoxluğuna görə əvvəlki forumlardan fərqlənir. Forumda bugünkü medianın vəziyyəti təhlil olunacaq, müasir medianın çağırışları, təklifləri səsləndiriləcək.

A.Qurnov isə qeyd edib ki, qlobal proseslər fonunda ümumi problemlərin həlli üçün dünya mediasının nümayəndələrinin bir araya gələrək birgə müzakirələr aparması olduqca önəmlidir.

Sonra Belarus Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Maksim Rıjenkov Prezident Aleksandr Lukaşenkonun beynəlxalq mediaforumun iştirakçılarına təbrik məktubunu oxuyub.

Aleksandr Lukaşenko təbrik məktubunda qeyd edib ki, forum yaxın və uzaq xarici ölkə KİV nümayəndələrinin işgüzar müzakirəsi üçün nüfuzlu məkana çevrilib. Dövlət başçısı hesab edir ki, müasir media sərhəd tanımır, rəqəmsal texnologiya yaradıcılıq və xəbərin mənbəyi üçün geniş imkanlar açır.

Belarusun informasiya naziri Aleksandr Karlyukeviç çıxışında bildirib ki, bu gün bizim qarşımızda feyk informasiyaların yayılmasına və qeyri-peşəkar yanaşmaların mətbuatda yaratdığı problemlərə qarşı mübarizə dayanır. Bütün dünya mətbuatı buna qarşı birgə mübarizə aparmalıdır. Nazir forumun media sahəsindəki problemlərin həllinə böyük töhfə verəcəyinə inandığını bildirib.

MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev və digər rəsmi şəxslərin foruma təbrik məktubları oxunduqdan sonra mövzu ətrafında müzakirələr başlayıb.

Belarus, Rusiya, Çin, Belçika, Serbiya, Estoniya və digər ölkələrin KİV rəhbərləri ilə yanaşı, Azərbaycanın Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov çıxış edərək ölkəmizdə medianın durumu barədə məlumat verib. O deyib ki, Azərbaycanda azad internet mövcuddur, KİV-lərin fəaliyyətinə hər hansı məhdudiyyətlər qoyulmur. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində dövlət qayğısına toxunan İ.Hüseynov bildirib ki, Azərbaycanda yüzlərlə jurnalist mənzillə təmin olunub.

Daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan İ.Hüseynov bu problemin ədalətli şəkildə, beynəlxalq hüquq çərçivəsində həll olunacağına inandığını ifadə edib.

Qeyd edək ki, forum iki gün panel iclaslarla davam edəcək. Mediaforumda təxminən 30 ölkədən 300 nümayəndə iştirak edir. İlk dəfə olaraq beynəlxalq mediaforuma Vyetnam, Monqolustan, Banqladeşdən nümayəndə heyətləri də qatılıb. Həmçinin Almaniya, Fransa, Avstriya, Bolqarıstan, ABŞ və İsraildən qonaqlar mediaforumda iştirak edirlər. İştirakçılar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) nümayəndəsi də var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.