SİYASƏT
Miqel Alvares: Köçkünlərin doğma yurdlarına qayıdışı üçün, ilk növbədə, minatəmizləmə prosesi həyata keçirilməlidir
Madrid, 26 aprel, AZƏRTAC
Azərbaycana səfərim zamanı dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra yaranan problemləri və əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün əla fürsət əldə etdim.
Bunu İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEİ) direktoru Miqel Alvares de Eulate Moreno AZƏRTAC-a müsahibəsində söyləyib. Müsahibəni təqdim edirik:
- Cənab Alvares, siz “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak etmisiniz. Sizin fikrinizcə, Cənubi Qafqaz regionunda yeni inkişaf və əməkdaşlıq yolu hansıdır?
- Azərbaycan Prezidenti konfrans iştirakçılarının suallarına cavab verərək, dövlətləri Dağlıq Qarabağ bölgəsinin bərpasında iştirak etməyə dəvət edib və bununla da bütün təkliflərə açıq olduğunu nümayiş etdirib.
Mən beynəlxalq konfransdakı çıxışından sonra Azərbaycan Prezidenti ilə şəxsi görüşümü xüsusilə qeyd etmək istərdim. Prezident İlham Əliyevə dedim ki, Dağlıq Qarabağ münaqişəsində qazanılan zəfər ölkənin problemlərinin həlli, sabitlik və rifahın əldə olunması üçün üç vacib amilin birləşməsi sayəsində əldə edilib. Bunlar İlham Əliyevin müdrik rəhbərliyi, uğurlu diplomatiyası və iti zəkası kimi keyfiyyətlərdir. İspaniyanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun rəhbəri olaraq, mən FESEİ-nin İspaniya-Azərbaycan münasibətlərinin uğurlu inkişafına əhəmiyyətli töhfə verməyə hazır olduğunu Prezidentin diqqətinə çatdırdım.
Bizim Azərbaycanla əla əlaqələrimiz var. Biz İspaniyanın Bakıda səfirliyinin açılmasında maraqlıyıq, çünki diplomatiya səmərəli beynəlxalq münasibətlərin təmin edilməsi üçün mühüm vasitədir.
İspaniyanın Dağlıq Qarabağ bölgəsinin bərpasında iştirakına gəldikdə, ölkəmiz güclü magistralların, yüksəksürətli dəmir yollarının, pilotsuz limanların daxili logistika şəbəkəsini qura bilər. Bərpaolunan enerji sahəsində ixtisaslaşan İspaniyanın qabaqcıl şirkətləri Azərbaycanın neft və qazdan əlavə, onun enerji diplomatiyasına da strateji komponent əlavə edə bilər.
- Siz səfəriniz çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinə baş çəkmisiniz. Zəhmət olmasa, təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Dağlıq Qarabağ bölgəsinə, xüsusən Ağdam şəhərinə səfər məndə dəhşətli təəssüratlar yaratdı. Ağdam şəhəri tamamilə dağıdılıb, yerlə-yeksan edilib, minalanıb. Hesab edirəm ki, dağılmış şəhərləri bərpa etmək, onları çiçəklənən bir bölgəyə çevirmək və bununla da yerli sakinlər üçün dinc gələcəyi təmin etmək lazımdır.
Ağdam bir zamanlar yalnız mədəni cəhətdən zəngin deyil, həm də bölgənin inkişafı üçün mühüm aqrar-qida sənayesinə sahib olub. Bu gün Ağdam perspektivli gələcək naminə mübarizə aparır. Ən əsası təkcə şəhərin deyil, bütün bölgənin yenidən qurulmasıdır. Şəhərin gələcəklə bağlı proqramlarının icrasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına başlamaq üçün, ilk növbədə, çox vacib olan minalardan təmizləmə prosesi həyata keçirilməlidir.
Mən Azərbaycana sülh və firavanlıq, Cənubi Qafqaz bölgəsində sabitliyin əldə olunmasında uğurlar arzulayıram.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid