DÜNYA


Miqrasiya Paktına qoşulmayan ölkələrin sayı arta bilər

Vyana, 5 noyabr, AZƏRTAC

Avstriyanın BMT-nin Miqrasiya Paktını imzalamayacağı qərarı domino effekti yarada bilər.

AZƏRTAC xəbər verir ki, Çexiya, Danimarka və Polşanın ardınca Xorvatiya və Sloveniya da beynəlxalq sənədə məsafəli münasibət göstərirlər. Həmçinin Almaniyada Xristian-Demokratlar Partiyası sənədlə bağlı tərəddüdlərini bəyan edib.

Bu ilin ilk yarısında BMT-yə üzv ölkələrin hökumətləri səviyyəsində razılaşdırılan Qlobal Miqrasiya Paktı bu il dekabrın 10-11-də Mərakeşdə keçirilən konfransda imzalanmalı idi. 34 səhifəlik qeyri-icbari sənəd gələcəkdə miqrasiya axınlarına daha mütəşəkkil nəzarətə və qaçqınların hüquqlarının daha yaxşı qorunmasına kömək etməlidir. Əslində qaçqın və miqrantların vəziyyətini yaxşılaşdırmaq və sənədə qoşulan ölkələrə bu istiqamətdə hüquqi bazanı təqdim etmək məqsədi ilə hazırlanan Paktla bağlı ABŞ başda olmaqla, müxtəlif ölkələr etiraz edirlər. Sənədi imzalamaqdan imtina edən ölkələr bu sənədlə ayrı-ayrılıqda ölkələrin suveren hüquqlarına müdaxilə olunacağı və miqrasiya siyasəti ilə bağlı onların müstəqilliyinə kölgə salınacağından narahatdırlar.

Qeyd edək ki, ilk olaraq ABŞ Pakta qoşulmayacağını elan edib. Bu ölkənin ardınca Avstriya və Macarıstan sənədi imzalamaqdan imtina ediblər. Pakta qoşulmayacaq ölkələrin sayının artması fonunda beynəlxalq ekspertlər əslində bu sənədin ölkələrə verəcəyi üstünlüklərə diqqət çəkiblər. Təhlükəsiz, qaydalara söykənən və tənzimlənmiş ümumdünya paktı dünyada miqrasiya siyasəti ilə bağlı əsas istiqamət və görülməli tədbirləri müəyyən edir. Miqrasiya siyasəti və qaçqınlarla münasibətdə vahid beynəlxalq standartların əks olunduğu sənəd icbari xarakter daşımır və qoşulan ölkələrdən hansısa məcburi tədbirlər görülməsini tələb etmir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.