CƏMİYYƏT
Miqrasiya könüllüləri ölkəmizdə yaşayan əcnəbilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına dair layihəyə cəlb olunublar
Bakı, 16 sentyabr, AZƏRTAC
“Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsinin icrasına miqrasiya könüllüləri də cəlb olunublar.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Gələcəyə Qayğı” Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5-ci qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsi çərçivəsində iştirakçılar Azərbaycan dilinin tədrisi və peşə kurslarına cəlb olunmaqla yanaşı, həm də ölkəmizlə yaxından tanışlıq imkanı qazanacaqlar. Layihə çərçivəsində əcnəbilər və qaçqın statusu verilmiş şəxslər Azərbaycanın tarixi yerləri və mədəni abidələri ilə tanış olacaqlar.
Təqdimat mərasimində layihə iştirakçılarının yerli cəmiyyətə inteqrasiyası üçün dil və peşə kurslarının əhəmiyyəti vurğulanıb, müxtəlif mədəni tədbirlərin təşkili bu istiqamətdə faydalı addım kimi qiymətləndirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsinin icrasında “Miqrasiya Könüllüləri” də yaxından iştirak edəcəklər.