CƏMİYYƏT
“Miqrasiya orqanları işçilərinin attestasiyası Qaydası” təsdiq edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Miqrasiya orqanları işçilərinin attestasiyası Qaydası”nın təsdiq olunması haqqında qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, sənəddə attestasiyanın miqrasiya orqanları işçilərinin xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, onların tutduqları vəzifələrə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkarlanması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, ixtisaslarının və peşə hazırlıqlarının yüksəldilməsinin və ya təkrar hazırlıq keçmələrinin zərurət dərəcələrinin müəyyən edilməsi, habelə kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi məqsədilə aparıldığı qeyd olunub.
Qaydalara əsasən, attestasiya Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya xidmətlərində yaradılan komissiyalar tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi sədrdən, sədrin müavinindən, sayı beş nəfərdən az olmamaqla tək sayda üzvlərdən və katibdən ibarət olaraq təsdiqlənib.
Sənəddə, həmçinin attestasiyaya hazırlıq və bununla əlaqədar həll olunan təşkilati məsələlər, attestasiyanın keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi qaydaları əksini tapıb.