CƏMİYYƏT
Miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlim keçirilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları üçün “Azərbaycan Respublikasında yeni inzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda təlim təşkil edilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və aidiyyəti struktur bölmələrinin fəaliyyət istiqamətlərinin əlaqələndirilməsi məqsədilə keçirilib.
Təlimdə Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov iştirakçılara inzibati icraatın başlanmasının əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrası ilə bağlı məlumat verib.
Sonra mövzu ilə bağlı suallar cavablandırılıb və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində təşkil olunub.