ELM VƏ TƏHSİL
Miqrasiya orqanlarına qulluğa qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə qeydiyyat sabah yekunlaşır
Bakı, 23 iyun, AZƏRTAC
İyulun 31-də Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin test imtahanını keçirəcək. İmtahana qeydiyyat iyunun 24-ü saat 11-də başa çatır.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 10:30-a olan məlumata görə, 305 nəfər qeydiyyatdan keçib.
Vakant vəzifələr haqqında məlumat DİM-in saytında yerləşdirilib. Namizədlər qeyd olunan vakant vəzifələrdən biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir. Test imtahanında namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 10, Azərbaycan tarixi üzrə 10, kompüter bilikləri üzrə 10, məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, cəmi 100 test tapşırığı təqdim olunacaq. Hər test tapşırığı 1 balla qiymətləndirilir. Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə buraxılırlar.
İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar DİM tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq.
Namizədlərə imtahana daha səmərəli hazırlaşmaları üçün test imtahanı proqramı ilə tanış olmaları tövsiyə edilir.
Xatırladaq ki, imtahan vermək istəyən namizədin DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 82 manatdır (ƏDV daxil olmaqla). “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet saytında “Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.