CƏMİYYƏT
“Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
Bakı, 10 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında əməkdaşlıq çərçivəsində bu ali təhsil ocağının rəhbər kadrların ixtisasının artırılması fakültəsində “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursunun açılışı olub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmət rəisi Vüsal Hüseynov və DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək ölkədə miqrasiya proseslərinin idarə olunması və bu istiqamətdə reallaşdırılan dövlət siyasətinin hüquq-mühafizə və digər dövlət qurumlarında çalışan rəhbər əməkdaşlara çatdırılması, izahı və şərh edilməsi məqsədilə kursun əhəmiyyətindən danışıblar. Bildirilib ki, kurs DMX ilə DİA-nın sıx əməkdaşlığı çərçivəsində ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları işçilərinin miqrasiya sahəsində ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə görülən tədbirlərin nümunəsidir. İxtisasartırma kursu respublikada miqrasiya sahəsinə aid islahatların aktual problemləri, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsinə, dinləyicilərə yeni biliklərin verilməsinə xidmət edir.
Dörd gün davam edəcək kurslara Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən 30 əməkdaş cəlb olunub.