CƏMİYYƏT
Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində Regional Təlimçilər üçün təlimlər başa çatıb
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində regional təlimçilər üçün təlimə yekun vurulub.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin son günündə Azərbaycanda miqrasiya idarəçiliyi üzrə təcrübələrlə tanış olunması məqsədilə iştirakçıların Dövlət Miqrasiya Xidmətinə tanışlıq səfəri təşkil olunub. Səfər çərçivəsində onlar DMX-nın rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi Xidmətin məsul nümayəndələrindən ibarət heyətlə görüşüblər. Görüşdə DMX-nin fəaliyyəti barədə təqdimat nümayiş olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb. Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Sonda iştirakçılar Xidmətin Təlim Mərkəzini ziyarət edib və mərkəzin fəaliyyəti barədə məlumatlandırılıblar.
Xatırladaq ki, beş gün davam edən təlimin əsas məqsədi Azərbaycanda yaradılması nəzərdə tutulan Miqrasiya üzrə Regional Təlim Mərkəzində tədris prosesinə cəlb olunacaq gələcək təlimçilərin bacarıqlarının, didaktika biliklərinin yüksəldilməsi, təlimin təşkili metodları ilə bağlı nəzəri və praktiki biliklərinin artırılması olub. Həmçinin təlim çərçivəsində beynəlxalq ekspert tərəfindən hazırlanmış miqrasiya üzrə regional kurrikulumun təqdimatı baş tutub.