MƏDƏNİYYƏT


“Mir Mehdi Seyidzadə: biblioqrafiya” kitabının təqdimatı olub

Bakı, 4 dekabr, Flora Şükürova, AZƏRTAC

Dekabrın 4-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Mir Mehdi Seyidzadə: biblioqrafiya” kitabının və “Mir Mehdi Seyidzadə - 110” elektron məlumat bazasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab görkəmli şair və dramaturq, Əməkdar incəsənət xadimi Mir Mehdi Seyidzadəyə həsr edilmiş “Uşaq ədəbiyyatı xəzinəsi” seriyasından nəşr olunub.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli şairin uşaq dramaturgiyamızın yaranması və inkişafında böyük rol oynadığını, rəngarəng mövzularda poetik əsərlər yazdığını, əsərləri ilə uşaq ədəbiyyatını əhəmiyyətli dərəcədə zənginləşdirdiyini söyləyib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova nəşrin özəlliyindən danışaraq biblioqrafiyada şairin 1925-2017-ci illərdə dərc edilmiş əsərləri və onun haqqında yazılan materialların əks olunduğunu, göstəricinin ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, kitabxana tərəfindən silsilə şəkildə uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən Firidun bəy Köçərli, İlyas Tapdıq, Abdulla Şaiq, Abbas Səhhət haqqında biblioqrafiyaların hazırlandığını, bu işin davam etdiriləcəyini, bu cür vəsaitlərin uzun axtarışlar nəticəsində meydana gəldiyini qeyd edib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov Respublika Uşaq Kitabxanasının son illər dinamik fəaliyyətindən danışıb, biblioqrafiya kitabının həsr olunduğu Mir Mehdi Seyidzadənin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, vəsaitin ədibin irsinin tədqiqi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Kitabın rəyçisi, Əməkdar jurnalist Qafar Əsgərzadə, Əməkdar mədəniyyət işçisi, professor Vaqif Yusifli, şair, pedaqoq Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın tərtibçisi və redaktoru Qəşəm İsabəyli, Əməkdar mədəniyyət işçisi Azər Hüseynov, S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova və digərləri şairin uşaq psixologiyasını yaxşı bildiyini, balacaların zövqünü oxşayan, uşaqların tərbiyələnməsində mühüm rol oynayan şeirlərin müəllifi olduğunu, şeirlərinə bəstələnmiş mahnıların xalq tərəfindən sevildiyini, həmçinin tərcüməçi kimi fəaliyyətindən bəhs ediblər.

Əməkdar artist Firuz Səxavət şairin qəzəllərini ifa etdikdən sonra 14 bölmədən ibarət hazırlanmış elektron məlumat bazası təqdim olunub.

Kitabın tərtibçilərindən olan kitabxananın şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Nazilə Tahirova Mir Mehdi Seyidzadənin 110 illiyi münasibətilə yazıçının yaradıcılığını tam halda işıqlandırmaq məqsədilə fundamental biblioqrafik vəsaitin tərtib olunduğunu qeyd edib. Göstəricinin 4 hissədən ibarət olduğunu, burada, həmçinin şəxsi arxiv materiallarının da yer aldığını, materialların bölmələr üzrə xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırasına uyğun şəkildə qruplaşdırıldığını söyləyib. O, əlavə olaraq ədibin filmoqrafiyasının, poema, pyes, radiopyes, ssenari, şeir və qəzəllərinin, məqalə, çıxış, xatirə və rəylərinin, tərcümələrinin əlyazmalarının, şairin fonduna daxil olmuş kitab və jurnalların, tərcümə etdiyi kitabların, redaktə etdiyi və üzərində işlədiyi əsərlərin, şairin məktub və təbrik teleqramlarının, ona gələn məktubların, tərcümeyi-hal sənədlərinin, ədəbi xidməti və ictimai fəaliyyətinə dair sənədlərin, yubiley sənədlərinin tam təsvirlərinin qeydə alındığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.