İQTİSADİYYAT
Mirəli Kazımov: Ötən 20 il ərzində 24 min 339 nəfər Tədris Mərkəzinin təlim proseslərində iştirak edib
Bakı, 29 iyun, AZƏRTAC
Vergi xidmətinin insan resurslarının inkişaf etdirilməsində Şamaxı rayonunda fəaliyyət göstərən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin mühüm rolu var. Mərkəzin fəaliyyətinin başlıca istiqaməti dövlət vergi orqanlarının vəzifəli şəxslərinin və digər əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və ixtisaslarının artırılmasını təmin etməkdən ibarətdir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov qurumun fəaliyyətinin 20 illiyi münasibətilə verdiyi müsahibədə bildirib.
Tədris Mərkəzinin rəsmisi qeyd edib ki, insan resursları sahəsində ən mühüm istiqamətlərdən biri mövcud kadr potensialının iş keyfiyyətinin daim diqqətdə saxlanması, onların peşəkarlığının artırılmasıdır. Bu baxımdan, Dövlət Vergi Xidməti hər il gənc kadrları öz sıralarına işə qəbul edir və təbii ki, onların da ixtisas artırılması və hazırlığı diqqət mərkəzində saxlanılır: “Ötən 20 il ərzində bu sahədə xeyli əhəmiyyətli, böyük həcmli iş aparılıb. Mərkəzin fəaliyyətə başladığı dövrdən indiyədək 2068 əməkdaş ilkin hazırlıq kurslarına, 4712 nəfər ixtisasartırma kurslarına, 17 min 559 nəfər müxtəlif qısamüddətli təlimlərə cəlb olunub. Ümumilikdə isə 24 min 339 nəfər Tədris Mərkəzinin təlim proseslərində iştirak edib. Təxminən 3000 nəfərə yaxın işçi heyətin, demək olar ki hamısı bu və ya digər formada təkmilləşdirmə proseslərinə qatılıb”.
M.Kazımov, həmçinin əlavə edib ki, mərkəzdə vergi orqanlarının əməkdaşları, digər dövlət orqanları və təşkilatların nümayəndələri, eləcə də müstəqil şəxslər üçün vergi işi üzrə əlavə təhsil, vergi sisteminə dair elmi tədqiqatların aparılması imkanları yaradılıb və bu imkanlar maksimum istifadə edilir. Tədris Mərkəzinin bu sahədə üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsində Dövlət Vergi Xidməti və onun qurumlarının sıx əlaqəli fəaliyyətinin mühüm rolu var.
Diqqətə çatdırılıb ki, Tədris Mərkəzində iqtisadiyyat, vergi, mühasibatlıq, hüquq və digər elm sahələri üzrə yüksək ixtisaslı peşəkar mütəxəssislər, 2 elmlər doktoru, 7 fəlsəfə doktoru çalışır. Son illərdə transfer qiymətinin müəyyən edilməsi, vergidən yayınma ilə cinayət-hüquqi mübarizə, daşınmaz əmlakın uçotu və vergiyə cəlb olunmasının büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi və s. kimi aktual mövzular üzrə mərkəzdə sanballı elmi tədqiqatlar aparılıb. Eyni zamanda, Tədris Mərkəzində ölkənin iqtisadi inkişafı ilə bağlı aktual mövzular üzrə beynəlxalq və respublika miqyaslı elmi tədbirlər keçirilir.
Bu səpgidə sonuncu elmi konfrans “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusuna həsr olunub.