Mirgünay Bayramova: Üçrəngli bayrağımız hər yerdə qürurla dalğalanır
AzerTAg.az

Bakı, 2 fevral, AZƏRTAC
Qalib Azərbaycanın gəncləri kimi bu gün hər birimiz harada olmağımızdan asılı olmayaraq, başı uca gəzirik. Qalibiyyətimizi, müstəqilliyimizi, dilimizi, milli-mənəvi dəyərlərimizi qorumaq ən əsas məqsədlərimizdəndir.
BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində mövcud problemlərin həlli yolları” istiqamətində bir sıra layihələrdə iştirak edən “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin sədri Mirgünay Bayramova bu sözləri AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.
Ölkəmizi 20-dən çox beynəlxalq layihədə təmsil edən həmsöhbətimiz deyib: “Bu gün Azərbaycan vətəndaşı, Azərbaycan gənci olmağımızla fəxr edir, qürur duyuruq. Dövlətimiz gənclərin sağlam ruhda və əsl vətəndaş kimi formalaşması üçün böyük diqqət və qayğı göstərir. Bizə yaradılan şəraitdən yararlanaraq ölkəmizi xarici sferalarda layiqincə təmsil edirik. Mənim rəhbərlik etdiyim İctimai Birlik həm Macarıstanda təhsil alan azərbaycanlı tələbələri, eləcə də təhsilini başa vurmuş məzunları bir araya gətirərək, onların şəbəkələşməsini təmin edən bir platformadır. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Komitə vasitəsilə dünyanın müxtəlif yerlərində yaşayan gənc soydaşlarımızla əlaqələr yaradır, ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Bundan başqa, əməkdaşlıq etdiyimiz təşkilatlardan biri də Azərbaycan Tələbə və Məzunlar Birliyi Platformasıdır. Həmin platforma xarici universitetlərin azərbaycanlı tələbə və məzunlarını birləşdirən və dəstəkləyən şəbəkədir. Təşkilatın məqsədi gənclərin xarici icmalara daha sürətli inteqrasiyasına, eləcə də yerli və xarici icmaların inkişafına təsirini artırmağa kömək etməkdir. Mövzu və istiqamətindən asılı olmayaraq, hər bir beynəlxalq layihədə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edirik. Xüsusilə də Vətən müharibəsi dövründə gənclərin informasiya müharibəsində və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında apardıqları iş danılmazdır. İftixar və qürur mənbəyimiz olan üçrəngli Azərbaycan bayrağının daha ucalarda dalğalanması üçün mümkün olan bütün vasitələrdən istifadə edəcəyik”.
Xəbərin mətnində orfoqrafik səhv var