CƏMİYYƏT
Mirsalam Qənbərov: Kanalizasiya şəbəkəsinin olmaması ətraf mühitin, atmosferin və torpaqların çirklənməsinə səbəb olur
Bakı, 20 aprel, AZƏRTAC
Hazırda ölkəmizdə tullantı sularının qaydalara və normalara uyğun idarə olunmaması ilə bağlı müəyyən problemlər mövcuddur. Paytaxtın təxminən yarısında mərkəzləşdirilməmiş kanalizasiya şəbəkələri yoxdur. Orada formalaşan bütün tullantı suları bu və ya digər vasitələrlə sututarlara, sonda isə Xəzər dənizinə istiqamətlənir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
M.Qənbərov, həmçinin qeyd edib: “Problemin köklü surətdə həll olunması üçün vəsait qoyulmalıdır. Bakının və digər rayonların tullantı sularının idarə olunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayon mərkəzlərində və insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana sistemi ilə birlikdə kanalizasiya sistemləri qurulub. Təmizləyici qurğular fəaliyyət göstərir. Lakin bu, yetərli deyil. Bakının müxtəlif qəsəbələrində kanalizasiya şəbəkəsinin olmaması mövcud olan göllərin əhatə dairəsinin artmasına, eləcə də ətraf mühitin, atmosferin, və torpaqların çirklənməsinə səbəb olur. Məqsədimiz kanalizasiya şəbəkəsinin tam şəkildə qurulması və bunun son zənciri olan təmizləyici qurğu komplekslərinin yaradılması, ən əsas hədəf isə həmin qurğularda formalaşan tullantı sularının təkrar xammal, təkrar su dövriyyəsi kimi istifadə olunmasıdır”.