MƏDƏNİYYƏT


“Mirvarid Dilbazi Poeziya Məclisi”də ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Bakı, 11 may, AZƏRTAC

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İctimai Birliyin sədri, şair-publisist Güllü Eldar Tomarlı ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin inkişafına göstərdiyi yüksək qayğıdan söhbət açıb. O, Heydər Əliyev dühasını Azərbaycan göylərində parlayan günəş adlandırıb.

Tədbirdə elm, ədəbiyyat, incəsənət xadimləri ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ədəbiyyatımızın, ədəbiyyat xadimlərinin həyatında yeni bir mərhələnin, inkişafın, yüksəlişin baş verdiyini söyləyiblər.

Gəncliyə Yardım Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qoşqar Abbas uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb.

Məclisdə çıxış edən şairlər Səadət Buta, Təbrizdə nəşr edilən “Mişov dağı” dərgisinin təsisçisi və baş redaktoru Akşin Ağkəmərli, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, “Səməd Vurğun Poeziya Ocağı”nın rəhbəri Zərəngiz Dəmirçi Qayalı, “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, Südabə İrəvanlı, Xətai rayonu, Tahir Bağırov adına 59 nömrəli məktəbin direktoru Pikə Əhmədova, gənc şair-bəstəkar Aysel Kərim, Qazaxıstandan gəlmiş şair Kifayət Nemətabadlı və başqaları Ulu Öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya siyasi arenasına daxil olması və dövlətimizin dünya miqyasında tanınması, həmçinin Azərbaycanın bugünkü uğurlu, məqsədyönlü siyasətinin təməlinin məhz o illərdən başlanmasını söyləyiblər. Dövlət gənclər siyasətinin Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olması, eləcə də Azərbaycan siyasəti, iqtisadiyyatı və mədəniyyəti sahələrinin inkişafında Ulu Öndərin müstəsna rolundan danışılıb.

Məclisdə iştirak edən şairlər və 59 nömrəli tam orta məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndiriblər.

Tədbirdə Xalq şairi Mirvarid Dilbazinin 85 illik yubileyində ulu öndər Heydər Əliyevin çıxışının lent yazısı nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.