MƏDƏNİYYƏT
Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib
Bakı, 11 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə MKS-nin direktoru Sevil Əliyeva Mirvarid Dilbazinin şərəfli ömür yolundan və zəngin yaradıcılığından danışıb. Bir dəqiqəlik sükutla şəhidlərimiz xatırlanıb.
Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri Güllü Eldar Tomarlı çıxış edərək, məclisin fəaliyyəti barədə geniş məlumat verib və gələcək planlarından danışıb.
Tədbirdə M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin tarix müəllimi Zenfira Həsənova, BDU-nun, Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, “Nur ocağı” Ədəbi Məclisinin sədri Sehran Süleymanlı və məclisin üzvü, şair Qulu Xaləddin oğlu, Mirvarid Dilbazi sevdalıları- Zərxara Həsənova, Musa Əliyev və Nizami rayon MKS-nin kollektivi iştirak ediblər.
Güllü Eldar Tomarlı "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən kiril əlifbasından latın əlifbasına çevrilərək nəşr edilmiş "Bənövşələr üstə göz yaşları" kitabını kitabxanaya hədiyyə edib. Tədbirin bədii hissəsində 281 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Şəlalə Muradlı və həmin məktəbin 4-cü sinif şagirdi Balahəsən Muradlı şairin şeirlərindən parçalar səsləndiriblər.
Bakı şəhəri Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rafiz Məmmədov sazı ilə gözəl ifalarını təqdim edib. Sonda Mirvarid Dilbazinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş sərgi önündə qonaqlarla xatirə şəkilləri çəkilib.