ELM VƏ TƏHSİL
Mirzə Kazımbəyin 200 illiyinə həsr olunan beynəlxalq elmi konfransa tezis qəbulu aparılır
Bakı, 6 iyul, AZƏRTAC
Sentyabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən “Mirzə Kazımbəy – 220” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində iyulun 30-dək qəbul edilir. Konfransda iştirak etmək istəyənlər tezisləri [email protected] ünvanına göndərməlidirlər.
Təşkilat Komitəsi tezislərin seçilməsi, geri qaytarılması, mətndə düzəlişlər edilməsi hüququna malikdir. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumat Şərqşünaslıq İnstitutunun saytında yerləşdirilib.
Qeyd edək ki, beynəlxalq elmi konfrans görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar keçiriləcək.