REGİONLAR
Mirzə Şəfi Vazehin ədəbiyyatşünaslığa məlum olmayan əsərlərinin transliterasiyasına başlanılıb
Gəncə, 22 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində XIX əsr Şərq poeziyasının görkəmli nümayəndəsi, əsərləri ilə Avropada geniş şöhrət qazanan mütəfəkkir şair Mirzə Şəfi Vazehin yeni tapılmış əsərlərinin Azərbaycan dilinə transliterasiyasına başlanılıb.
Bu barədə AZƏRTAC-a bölmənin ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva məlumat verib.
Tədqiqatçı-alim bildirib ki, bir neçə il bundan əvvəl AMEA-nın Gəncə bölməsinə Almaniya Milli Kitabxanasından vaxtilə Fridrix Bodenştedtin alman dilinə çevirdiyi və öz adı ilə nəşr etdirdiyi kitablar, eləcə də nəstəliq xəttatlıq növündə tərtib olunan farsca şeirlər gətirilib.
Hazırda üzərində tədqiqat aparılan əlyazma 25 səhifədən ibarət olmaqla ərəb qrafikası ilə yazılmış şeirlərdən ibarətdir. Müəllifi Mirzə Şəfi Vazeh olan bu şeirlərin bir hissəsi fars dilindədir. Əlyazmanın ikinci hissəsindəki şeirlər isə Azərbaycan türkcəsində tərtib olunub.
Əlyazmadakı əsərlərin Vazehşünaslıq üçün nailiyyət olduğunu deyən Ruziyə Quliyeva bildirib ki, bu vaxta qədər şairin Azərbaycan dilində yalnız çox az şeri məlum olub. Lakin, indiki əsərlərin transliterasiyası gələcəkdə Vazeh yaradıcılığını daha dərindən tədqiq etməyə imkan verəcək. Çünki, həmin şeirlərin yazılmasından iki əsrə yaxın vaxt keçməsinə baxmayaraq şeirlər dil baxımından anlaşılan, bədii cəhətdən isə yüksək səviyyədədir. Əlyazmadakı hekayətlər isə həmin dövr Gəncə mühiti ilə sıx bağlıdır.
R.Quliyeva qeyd edib ki, onun tərəfindən şairin bu vaxta qədər 3 hekayəti, Azərbaycan klassik ədəbiyyatında az rast gəlinən fərd şer janrında yazdığı 7 əsəri, 4 lirik parçası və 1 rübaisi transliterasiya edilib. XIX əsrdə Azərbaycan dilinin sabit yazı qrafikası olmadığından, eləcə də bəzi ifadələrin dəqiq anlaşılmadığından transliterasiyanın xeyli vaxt apardığını deyən araşdırmaçı-alim əlyazma üzərindəki tədqiqat işi yekunlaşdıqdan sonra əsərlərin yeni kitab halında nəşr ediləcəyini söyləyib.