ELM VƏ TƏHSİL
“Mirzə Xosrov Axundzadə yaradıcılığında Şuşa” kitabı çap olunub
Bakı, 11 noyabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Mirzə Xosrov Axundzadə yaradıcılığında Şuşa (“Divan”dan seçmələr)” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Kitab Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə filoloqlar və geniş oxucu kütləsi üçün nəşrə hazırlanıb. Nəşrdə Şuşa ədəbi mühitinin yetirməsi olan Mirzə Xosrov Axundzadənin (1889-1960) əsərlərinin institutun fondunda mühafizə olunan əlyazma nüsxələri ətraflı təsvir olunub, müəllifin “Divan”ında yer alan Şuşaya aid şeirləri seçilərək müasir əlifbaya çevrilib. Kitabda yer alan şeirləri ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun əməkdaşları Tünzalə Əlizadə və Xoşqədəm Mirzəyevadır.
Qeyd edək ki, nəşrin redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri dosent Əkrəm Bağırov, rəyçiləri həmin institutun elmi katibi dosent Əzizağa Nəcəfov və elmi işçisi Mircəfər Seyidovdur.