İDMAN


Mişel Platini FIFA rəsmilərinə qarşı iddia qaldırıb

Bakı, 13 oktyabr, AZƏRTAC

UEFA-nın sabiq prezidenti Mişel Platini Fransa məhkəməsində iddia qaldırıb. Günahsız olduğunu sübut etmək və nüfuzunu qaytarmaq üçün səylərini davam etdirən M.Platini Beynəlxalq FIFA rəsmilərini ona qarşı birləşməkdə ittiham edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

2015-ci ilin sonunda FIFA prezidenti Yozef Blatter və həmin vaxt qurumun vitse-prezidenti vəzifəsini icra edən UEFA prezidenti Mişel Platini maliyyə qalmaqalı ilə bağlı FIFA-nın Etika Komitəsi tərəfindən səkkiz il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən kənarlaşdırılıblar. Futboldan kənarlaşdırlmazdan əvvəl Platini FIFA-nın prezidenti vəzifəsinə əsas namizəd sayılırdı.

Onların vəzifələrindən kənarlaşdırılmasına əsas səbəb kimi, 2011-ci ildə Blatter tərəfindən Platininin hesabına FIFA vəsaitindən 2 milyon İsveçrə frankının köçürülməsi göstərilir. FIFA-nın Apellyasiya Komitəsi Blatterin və Platininin cəzasını 8 ildən 6 ilədək azaldıb.

Platini ödəniş haqqında məlumatı İsveçrə prokurorlarının necə əldə etdiyini öyrənmək istəyir. O, hesab edir ki, bu, Platininin ali futbol qurumunun prezidenti seçilməsini istəməyən FIFA məmurlarının işidir. Onun vəkili Uilyam Burdonun fikrincə, Platininin rəqibləri onu aradan götürmək üçün birgə razılığa gəliblər.

2016-cı ilin mayında İdman Arbitraj Məhkəməsi Platininin futbol fəaliyyətindən kənarlaşdırılması müddətini dörd ilədək azaldıb. Bununla belə, onun futbol fəaliyyətini bərpa etməklə bağlı şikayəti təmin olunmayıb. Ötən ilin iyulunda İsveçrə Federal Məhkəməsi də bununla bağlı apellyasiya şikayətini rədd edib. Beləliklə, Platininin futbol fəaliyyəti 2019-cu ilədək təxirə salınıb.

Xatırladaq ki, o, UEFA prezidenti vəzifəsini 2016-cı il sentyabrın 16-da tərk edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.