SİYASƏT
Misir-Azərbaycan Dostluq Cəmiyyəti rəsmi olaraq qeydiyyatdan keçib
Qahirə, 6 mart, AZƏRTAC
Misirin Sosial Həmrəylik Nazirliyinin qərarı ilə Misir–Azərbaycan Dostluq Cəmiyyəti təsis olunub.
AZƏRTAC-ın xüsusi müxbirinə Cəmiyyət barədə məlumat verən “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov deyib: “Cəmiyyətin təsis edilməsi bizim çoxdankı arzumuz idi. Bu təşkilat Misir ilə Azərbaycan arasında elmi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq”.
S.Nəsirov əlavə edib ki, Cəmiyyətin təsis olunmasında məqsəd Azərbaycan ilə Misir arasında əlaqələrin inkişafına töhfə verməkdir. Onun sözlərinə görə, cəmiyyət Misirdə və dünyada böyük nüfuza malik misirlilərin dəstəyi ilə yaradılıb. Təşkilatın təsis olunmasında Azərbaycanın Misirdəki səfirliyi də öz mühüm dəstəyini göstərib.
Təsisçi vurğulayıb ki, Cəmiyyətin nizamnaməsində əsas fəaliyyət istiqamətləri kimi iki xalq arasında əlaqələrin inkişafı, elmi-mədəni əməkdaşlıq, sosial xidmətlər, Azərbaycan dili başda olmaqla xarici dillərin tədrisi, azərbaycanlılar üçün diaspor mərkəzinin, Misir-Azərbaycan universitetin təsis edilməsi, Misir-Azərbaycan məktəbinin açılması, elmi- publisistik jurnalların nəşri, Azərbaycan Mədəniyyət Mərkəzinin və tərcümə mərkəzinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Seymur Nəsirov 13 təsisçinin yekdil rəyi ilə Cəmiyyətin sədri seçilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə