DÜNYA
Misir İƏT-in Qadın İnkişaf Təşkilatında 22 üzv ölkənin üzvlük haqlarını ödəməyi öz öhdəsinə götürüb
Qahirə, 9 iyun, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əl-Sisi bəyan edib ki, onun ölkəsi baş qərargahı Qahirədə yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində fəaliyyət göstərəcək Qadın İnkişaf Təşkilatında (QİT) 22 üzv ölkənin üzvlük haqlarını ödəyəcək.
AZƏRTAC xəbər verir ki, Misir Prezidentinin mətbuat katibi Bəssam Radi iyulun 6-8-də yeni inzibati paytaxtda İƏT-in qadın məsələlərinə dair nazirlər səviyyəsində konfransın keçiriləcəyini də bildirib. Onun sözlərinə görə, dövlət başçısı əl-Sisi Baş nazirlə bu mühüm tədbirə hazırlıq məsələlərini müzakirə edib. Konfransda İslam ölkələrində qadın hüquqları, zərif cinsin nümayəndələrinin siyasi və sosial-iqtisadi sahələrdə daha fəal iştirakı məsələləri müzakirə ediləcək. Gündəliyə Misirin İƏT-in Qadın İnkişaf Təşkilatına ikiillik sədrliyi də salınıb.
Misirin Qadın Milli Şurasının sədri Maya Mursi bildirib ki, Qahirə konfransında İƏT-in yeni yaradılan QİT-in statusu və strukturu da müəyyən ediləcək. O əlavə edib ki, bu qurum qadınların dini və etnik zəmində ayrı-seçkiliyə məruz qalması, ekstremizm və terrorizmin mənfi təsirindən qorunması, məişət zorakılığının qarşısının alınması üzrə layihə və proqramlar həyata keçirəcək. QİT, həmçinin BMT-nin müvafiq strukturları və digər beynəlxalq humanitar təşkilatlarla sıx əməkdaşlıq edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə